Bakıda cərimələrini ödəməyən sürücülərə qarşı reyd keçirildi - VİDEO

sebail dyp

Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin müvafiq tapşırığına əsasən, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, cərimələrin ödənilməsi ilə bağlı əhali arasında məlumatlandırma işinin gücləndirilməsi, təyin edilən cərimələrin ödənilməyəcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq görüləcək tədbirlər haqqında hərəkət iştirakçıları arasında zəruri izahat işinin aparılması, kobud qayda pozuntularına yol verən sürücülərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu istiqamətdə növbəti reyd Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən həyata keçirilib.

Reyd zamanı saxlanılan sürücülərin ödənilməyən cərimələrinin olub-olmaması inspektorlar tərəfindən patrul avtomobillərində olan xüsusi bort kompüterlər vasitəsi ilə yoxlanılıb.

Reyd zamanı cərimələri Mərkəzi Məlumat Xidmətində qərarsız kimi qeyd olunan sürücülər müəyyən edilərək saxlanılıb onlara pozduqları yol hərəkəti qaydaları barədə məlumat verilib və yerindəcə müvafiq sənədlər təqdim olunub.

Reyd zamanı tərtib olunmuş inzibati protokol üzrə təyin edilən cəriməni 2 ay müddətində ödəməyən sürücülər də müəyyən edilərək saxlanılıb. Həmin sürücülərin nəqliyyat vasitələri mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Qeyd edək ki, bu ilin 8 ayı ərazində Səbail rayon DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 18000 artıq inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin köməkliyi ilə qaydaları pozan 59000 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib. Qeyd edilən dövrdə Səbail rayonu ərazisində kobud qayda pozuntularına yol verən 3050, həmçinin sərxoş vəziyyətdə avtomobil idarə edən 80 sürücü müəyyən edilərək barələrində qanuni tədbir görülüb.